Rəhman Quliyev: “Suqovuşanda müxtəlif kateqoriyalı hotellər tikilməlidir”
“Suqovuşan Turizm Kompleksinin təməlinin qoyulması işğaldan azad edilmiş ərazilərdə turizm sənayesini daha da genişləndirməyə və Azərbaycana böyük həcmdə turist axınını təmin etməyə imkan verəcək”.
Bu barədə “Report”a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.
“Suqovuşan turizm proqramlarına daxil ediləcək”
Onun sözlərinə görə, yaxın gələcəkdə Azərbaycanın turizm imkanlarından daha geniş həcmdə yararlanacağıq: “Suqovuşanla bərabər Füzulidə hava limanının istifadəyə verilməsi, Zəngilanda hava limanının inşası, Laçında hava limanının tikilməsi üçün işlər aparılması o deməkdir ki, Qarabağ bölgəsini yenidən dirçəldəcəyik. Ölkə Prezidentinin də dediyi kimi həmin ərazilərdəki mənzərəni daha da geniş işıqlandıracaq, daha füsunkar edəcəyik. Azərbaycanın bütün bölgələrində turizm üçün kifayət qədər imkanlar var. Bu imkanlardan yaxın gələcəkdə yararlanacağıq. İndi ölkəyə turist gətirmək üçün müxtəlif cür komplekslər yaratmalıyıq. Turist getdiyi ölkədə marağa səbəb olacaq məkanları axtarır. Biz də gələcəkdə Suqovuşanı və ordakı turizm kompleksini Azərbaycana gələn turistlərin proqramına salıb ölkəyə turist axınını daha da gücləndirəcəyik”.
“Suqovuşanda hotelləri artırmalıyıq”
R.Quliyev hesab edir ki, Suqovuşan ərazisində hər kateqoriyadan olan hotellər tikilməlidir: “Burda istər “luxury”, istər iki ulduzlu hotellər, istərsə də hostellər olmalıdır. Bütün ölkələrdən müxtəlif kateqoriyalı, müxtəlif büdcəli turistlərin gəlməsinə şərait yaratmalıyıq. Bununla həmin bölgəyə turist axınını mütəmadiləşdirə bilərik. Düşünürəm ki, Azərbaycana gələn turistin hansı kateqoriyadan olmasına deyil, say tərkibinə önəm vermək lazımdır. Say tərkibinin qənaətbəxş olması ölkəyə valyuta axınını davamlı edir”.
“Belə kompleksləri çoxaltmaq olar”
Eskpertin sözlərinə görə, Suqovuşanda turizm kompleksinin yaradılması işğaldan azad edilən digər bölgələrdə də bu cür müəssisələrin yaradılmasına yol aça bilər: “Kəlbəcərdə “İstisu”, Laçında “Turşsu”, Zəngilanda “Qotursu” kimi ərazilərdə böyük sanatoriya tipli termal komplekslər tikmək olar. Ukraynanın “Truskavets”, Rusiyanın “Yesentuki” sanatoriyaları dünyaca məşhur müalicə mərkəzləridir. Həmin ölkələrdə gedən müharibə ilə bağlı qeyd etdiyimiz sanatoriyalara gediş azaldığına görə, həmin bazarı Azərbaycan üçün qazana bilərik. Hesab edirəm ki, tək Suqovuşanda deyil, digər bölgələrimizdə də sanatoriyalar tikib əcnəbi turistlərin ixtiyarına versək, Azərbaycanı gələcəkdə sağlamlıq turizminin mərkəzlərindən biri kimi tanıda bilərik”.
Xatırladaq ki, ötən gün Tərtər rayonunun Suqovuşan qəsəbəsində Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməli qoyulub. Tədbirdə ölkə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.
hazırlanıb : Report