Turizm Köşəsi
Zəngin insanların ucuz hobbisi
Təbiətlə bağlı turlardan biri də quş müşahidəsi (birdwatching) turlarıdır. Bu tip turlar Avropa, Amerika (ABŞ) və Avstraliyada daha çox məşhurdur. Tarixdə məşhur “birdwatcher”lərdən Winston Churchill, Jimmy Carter, Prince Philip kimilərini göstərmək olar.
Dünyada quş müşahidəsi son illər sürətlə geniş yayılmaqdadır. Son illərdə ölkəmizdə də gənc nəsil arasında quş gözləmçiliyi yayılmaqdadır.
Ölkəmizdə quşların miqrasiyasını, yuvalama dövrünü, qışlamaq zamanını müşahidə etmək üçün bir neçə yerlər vardır. Lakin bunların arasında dünyada ən çox tanınanı Beşbarmaq darboğazıdır. Bura dünyada 10, Avropada 5 ən qaynar nöqtələrdən biridir. Bunun əsas səbəbi dağla dəniz arasındakı məsafənin qısa olmasıdır. Dağların və dənizin üzərində hava soyuq olduğu üçün köç ikisinin arasındakı quru üzərindən olur.
5 fevral 2022-ci il tarixində aktiv və professional quş müşahidəçisi Elvin Məmmədsoyla Mahmudçala və Qızılağac milli parkına səfər etdik. Mahmudçala gölündə ölkəmizə qışlamağa gələn flaminqoları (327), çöl sarı (2) saysız hesabsız cüllüt, qarabatdaq (7), qu quşu (1), ağ və boz vağlar, Qızılağac milli parkına gedərkən yolüstü yaşayış məntəqələrində məzarlıq qartalı (1) çöl sarı (3), leylək (27), Qızılağac milli parkın ərazisinə düşən kiçik körfəzdə qutan (5) və sair quşları müşahidə etdik.
Ancaq təəsüflər olsun ki, Kiçik Körfəz ətrafında olarkən tüfəng səsi heç susmadı. Qamışlıqlar arasında brokonyerlər quş qətliamı törədirdilər.
Quşların miqrasiyası il ərzində 2 dəfə baş verir və hər biri də təxminən bir aydan bir az artıq vaxt çəkir. Qarşıdan yeni miqyası fəsli gəlir ( martın sonundan başlayaraq). Siz də bu “birdwatching” turlarına qoşulun, təbiətə baxışınız dəyişsin, ruhunuz, beyniniz dincəlsin.
hazırladı : İlkin Əhməd