Dünya turizmiElanlar və tədbirlər
Azərbaycanın turizm imkanları EMİTT 2024 sərgisində
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları Türkiyənin İstanbul şəhərində keçirilən Şərqi Aralıq dənizi Beynəlxalq Səyahət və Turizm Sərgisində (“EMITT – 2024”) nümayiş etdirilir.
Fevralın 9-dək davam edəcək sərgi çərçivəsində milli stenddə 6 turizm şirkəti, 2 hotel qrupu və “Azərbaycan Hava Yolları” QSC təmsil olunur.
Sərgidə ziyarətçilərə Azərbaycanın turizm potensiallı məkanları, qastroturizm, şərabçılıq, eləcə də qış turizmi imkanları, dağ-xizək mərkəzləri, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş “Xınalıq və Köç Yolu” mədəni landşaftı daxil olmaqla maddi-mədəni irs nümunələri, eləcə də işgüzar turizm imkanları haqqında geniş məlumat verilir, Türkiyə və digər ölkələrdən olan turizm sənayesi nümayəndələri ilə B2B formatlı görüşlər keçirilir.
Qeyd edək ki, Türkiyə 2023-cü ildə Azərbaycana səfər edən xarici ölkə vətəndaşlarının sayına görə 2-ci yerdə qərarlaşıb. Ötən il ərzində Türkiyədən ölkəmizə 378 204 nəfər olmaqla 2019-cu il rəqəmlərindən 19 faiz daha çox ziyarətçi gəlib.