Elanlar və tədbirlərDünya turizmiTM
Azərbaycan kulinarları “Dünya Kulinariya Olimpiadası”nda
Almaniyanın Ştutqart şəhərində keçirilən “IKA – Dünya Kulinariya Olimpiadası”nda Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə müvafiq tədbir üçün xüsusi yaradılmış kulinariya komandası “fərdi iştirakçı” kateqoriyasının qənnadı incəsənəti üzrə iki bürünc medal və 6 diplom, eləcə də “ictimai keytrinq” kateqoriyası üzrə komanda yarışında diplom əldə edib.
Dünya üzrə mötəbər kulinariya müsabiqələrindən sayılan olimpiadada ölkəmizi Milli Kulinariya Mərkəzinin dəstəyi və Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasının (“Wordlchefs”) assosiativ üzvü olan Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının (ACSA) təqdimatı ilə 9 aşpazdan ibarət heyət “ictimai keytrinq” və “fərdi iştirakçı” kateqoriyalarında təmsil edib.
Müsabiqənin standartlarına əsasən milli komandanının təqdim etdiyi menyu ölkəmizin təbii biomüxtəlifliyini əks etdirməklə, eləcə də milli mətbəx mədəniyyətinin əsasları nəzərə alınmaqla tərtib edilib.
Müsabiqəyə təqdim olunan 2 menyuda Qafqaz şabalıdı, baltalı düyüsü kimi beynəlxalq “Slou Fud” qastronomik turizm modelinə daxil edilən, məhz Azərbaycana məxsus biomüxtəliflik nümunəsi kimi tanınan məhsullar, o cümlədən zəfərən, Zirə pomidoru, UNESCO-nun Qeyri-Maddi Mədəni İrsi üzrə Reprezentativ Siyahısına salınmış nar kimi yerli təbiət məhsullarından istifadə edilib.
Müsabiqədə qiymətləndirmə bir neçə mərhələdən ibarət olmaqla həyata keçirilib. Müsabiqəyə təqdim edilən menyular dadlı, sağlam və dayanıqlı qida, tullantı olmadan və istifadə edilən hər bir məhsula xüsusi yanaşma ilə hazırlanma, xüsusi ölçülərə və biometrik formalara dəqiqliklə riayət edilmə, rəng amili də nəzərə alınmaqla səliqəli və estetik görünüş meyarları əsas götürülməklə qiymətləndirilir. Həmçinin hakimlər tərəfindən müəyyən edilmiş vaxt çərçivəsində komandanın iş prosesi, stressə davamlılıq, bərabər iş bölgüsü, mətbəxin təmizliyi, aşpazların şəxsi gigiyenası amilləri də nəzərə alınır.
Tədbirdə dünyanın müxtəlif ölkələrindən olan kulinariya komandaları “milli”, “gənc milli”, “ictimai keytrinq” və “regional” kimi qruplara üzrə yarışıblar.
Tədbir çərçivəsində, həmçinin Ümumdünya Aşpazlar Cəmiyyətləri Assosiasiyasına (“Worldchefs”) məxsus pavilyonda Azərbaycanın qastronomiyasını əks etdirən stend quraşdırılıb. Milli məhsul və təamların təqdim edildiyi stenddə ziyarətçilərə, o cümlədən qastronomiya mütəxəssislərinə ölkəmizin qastroturizm potensialı barədə məlumat verilib, Azərbaycan milli mətbəx nümunələrini dadmaq üçün şərait yaradılıb. Stenddə əsasən Naxçıvan və Qarabağ mətbəxi, eləcə də “Azərbaycanın UNESCO irsi üzrə qida ənənələri” tematikası ilə Ümumdünya İrs Siyahısına salınmış Şəki və Xınalıq üzrə mətbəxi nümunələri nümayiş etdirilib. Eləcə də milli komandanın qənnadçıları tərəfindən müsabiqənin şərtləri əsasında hazırlanan müxtəlif tematika və texnologiya ilə hazırlanan qənnadı məhsulları sərgilənib.
Qeyd edək ki, 1900-cü ildən etibarən hər dörd ildən bir Almaniyada təşkil olunan “IKA – Dünya Kulinariya Olimpiadası” kulinariya, qida, restoran və biznes sahələrində nüfuzlu beynəlxalq müsabiqə və sərgi kimi tanınır. Bundan əvvəlki 2020-ci ildə keçirilmiş müsabiqədə 67 ölkədən 1800 iştirakçı ilə 8000 fərqli resept dünyanın müxtəlif ölkələrindən olan 100 mindən çox ziyarətçiyə nümayiş etdirilib.