Turizm Bürosu aviabiletlərin bahalaşmasının səbəbini açıqlayıb
“Hotellərin və aviaşirkətlərin qiymət siyasəti kommersiya komponentidir və dövlət tərəfindən idarə olunmur”.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid deyib.
Onun sözlərinə görə, hazırda qarşıdan gələn Yeni il bayramını nəzərə alaraq, aviaşirkətlər biletlərin qiymətini artırıb, bu da onların çəkdikləri xərclərin qarşılanması ilə izah olunur.
“Lakin vəziyyət yaxşılaşdıqca qiymətlər yenidən enəcək. Ümumilikdə, təkcə Azərbaycanda deyil, əksər Avropa ölkələrində uçuşların sayı təxminən 30% azalıb. Pandemiya zamanı hotellər də xeyli zərər çəkib. Bəli, qeyd etmək lazımdır ki, bu il vəziyyət nisbətən yaxşılaşır, lakin post-pandemiya dövrü təxminən il yarım davam edəcək. Ümid edirik, 2023-cü ildə təkcə Azərbaycanda deyil, bütün dünyada turizm sektoru 2019-cu ilin səviyyəsinə qayıdacaq”, – deyə F. Zenqstşmid qeyd edib.
Büro rəhbəri onu əlavə edib ki, pandemiya səbəbindən insanlar getdikcə daha çox daxili turizmə müraciət edir, lakin vəziyyət getdikcə yaxşılaşır.
“Turizm agentlərinin və mehmanxanaların rəylərinə əsasən, bu il tələbin artımı baxımından müsbət tendensiyalar görürük. Təbii ki, bəzi bazarlar bizim üçün hələ də bağlıdır. Avropalılar da çox səyahət etmir. İndi bizim üçün əsas istiqamətlər Rusiya, Türkiyə, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Səudiyyə Ərəbistanıdır ki, bu ölkələrdən Azərbaycana səyahət edirlər. İnanırıq ki, gələn il müsbət tendensiya müşahidə olunacaq və 2023-cü ilin sonunadək vəziyyət normallaşacaq”, – deyə F. Zenqstşmid əlavə edib.
mənbə :APA