Ağdam şəhərində yerləşən “İmarət” Tarix-Mədəniyyət Kompleksi bu gün həm yerli sakinlərin, həm də xarici turistlərin üz tutduğu tarixi məkanlardan biri kimi fəaliyyət göstərir.
Bu barədə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq və bərpa layihələrində tarixi-mədəni irsin qorunması, eləcə də bu məkanların əvvəlki funksionallığının bərpası mühüm istiqamətlərdən biridir.
Emin Hüseynov qeyd edib ki, “İmarət” Kompleksi artıq qoruq statusunda fəaliyyət göstərir və gün ərzində çoxsaylı ziyarətçiləri qəbul edir. Kompleksə gələn xarici turistlər də Qarabağın keçmişi, Qarabağ xanlığı və İmarətin tarixi haqqında ətraflı məlumat əldə etmək imkanı qazanırlar.
Xüsusi nümayəndə vurğulayıb ki, tarixi-mədəni irs nümunələrinin bərpası və ictimaiyyətə açıq şəkildə təqdim olunması təcrübəsi digər ərazilərdəki abidələrə də şamil ediləcək. Əsas hədəf yalnız tarixi tikililəri qorumaq deyil, həm də onları müasir turizm marşrutlarının və ictimai həyatın vacib tərkib hissəsinə çevirməkdir.
Onun fikrincə, Ağdamın “İmarət” Kompleksinin yenidən bərpa edilərək ziyarətçilərin istifadəsinə verilməsi azad edilmiş ərazilərdə tarixi irsin yaşadılması və gələcək nəsillərə çatdırılması istiqamətində görülən işlərin nümunəsidir.


