Çərşənbə axşamı, 10 Noyabr 2026 USD/AZN 1.70
Son xəbərlər
Ölkə turizmi

Azərbaycanın sağlamlıq turizmi sahəsində geniş inkişaf imkanları mövcuddur

Azərbaycanın sağlamlıq turizmi sahəsində geniş inkişaf imkanları mövcuddur

Azərbaycan sağlamlıq turizmi istiqamətində beynəlxalq bazarda rəqabət aparmaq üçün əhəmiyyətli və özünəməxsus imkanlara malikdir.

Bu fikirləri Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Əliyev Bakıda təşkil olunan III Beynəlxalq Sağlamlıq Turizmi Konfransında çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi ölkənin şimal və cənub arasında mühüm turizm bağlantısı kimi tanıdılması üçün geniş perspektivlər yaradır.

Kənan Əliyev bildirib ki, Naftalanın müalicəvi imkanları, eləcə də işğaldan azad edilmiş ərazilərdə yerləşən termal su mənbələri ölkənin sağlamlıq turizmi potensialının əsas istiqamətlərindəndir. O, həmçinin stomatologiya, estetik cərrahiyyə, kardiologiya və digər tibbi xidmət sahələrində qonşu ölkələrlə müqayisədə daha əlverişli qiymətlərin Azərbaycanın rəqabət qabiliyyətini artırdığını vurğulayıb.

Aparat rəhbəri qeyd edib ki, bu üstünlüklərdən səmərəli istifadə etməklə Azərbaycanın turizm sektorunda yeni imkanlar formalaşdırmaq və sağlamlıq turizmini daha geniş miqyasda inkişaf etdirmək mümkündür.

K.Əliyev çıxışında “Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda tibbi xidmətlərin beynəlxalq səviyyədə tanınması və akkreditasiya məsələlərinə də xüsusi yer ayrıldığını diqqətə çatdırıb.

O bildirib ki, sağlamlıq turizmində xidmət keyfiyyəti və pasiyentlərin etimadı mühüm əhəmiyyət daşıyır. Bu baxımdan proqramın icra müddəti başa çatanadək ən azı beş tibb xidməti göstərən müəssisənin beynəlxalq akkreditasiyadan keçməsi hədəflənir. Bu addımın Azərbaycanın tibbi xidmətlər üzrə beynəlxalq etibarlılığını gücləndirəcəyi və ölkəyə xarici turist axınının artmasına müsbət təsir göstərəcəyi gözlənilir.