Bakı oktyabrın 29-da Asiya–Sakit okean regionunun turizm peşəkarlarını bir araya gətirən PATA Hosted Buyers Summit Baku 2026 tədbirinə ev sahibliyi edir. Sammit Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu (ATB) və Asiya–Sakit Okean Səyahət Assosiasiyası (PATA) tərəfindən birgə təşkil olunub.
Tədbirə Çin, Malayziya, İndoneziya, Sinqapur, Yaponiya və Cənubi Koreyadan təxminən 50 turizm mütəxəssisi qatılır. Onlar Bakıda azərbaycanlı turoperatorlar, hotellər və sektorun digər nümayəndələri ilə işgüzar görüşlər keçirəcəklər.
Bir həftəlik tanışlıq səfəri
Sammit 24–30 oktyabr tarixlərində davam edən yeddi günlük tanışlıq proqramının bir hissəsidir. Qonaqlar Bakı ilə yanaşı Şamaxı, Qəbələ, Şəki və Qaxda olur, ölkənin tarixi abidələri, təbiəti və qonaqpərvərlik imkanları ilə yerində tanış olurlar.
Bu formatın məqsədi sadədir: xarici turoperator Azərbaycanı öz gözü ilə görəndə, öz bazarında satacağı turu daha dəqiq və inamla qura bilir. Hansı hoteldə qalmaq, hansı marşrutla getmək, bölgələr arasında yolun nə qədər çəkdiyi kimi suallara cavabı birbaşa səfər zamanı alır.
Asiya bazarına maraq artır
Asiya istiqaməti son vaxtlar Azərbaycan turizminin diqqət mərkəzindədir. Bu ilin martında Bakıda Çindən gələn turistlərin qəbuluna hazırlığa yönələn “China Ready” proqramı təqdim olunmuşdu.
Yeni bazarlarla birbaşa əlaqələr ölkəyə ümumi turist axınının zəiflədiyi bir dövrə təsadüf edir. Dövlət Turizm Agentliyinin məlumatına görə, yanvar–avqust aylarında Azərbaycana 1,585 milyon əcnəbi gəlib. Bu, ötən ilin eyni dövründəki 1,72 milyondan 8% azdır.


