Ölkə turizmi
Şəkidə dövlət mühafizəsinə götürülmüş 58 abidə Dünya İrs Konvensiyasının normativ tələblərini əks etdirir
Dövlət Turizm Agentliyinin tabeliyində olan “Yuxarı Baş” Milli-Tarix Memarlıq qoruğunun ərazisində daha 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin mədəni-tarixi irsinin daha dayanıqlı şəkildə qorunması, ümumbəşəri dəyərlərinin mühafizəsi baxımından çox önəmlidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin əhəmiyyət dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında” 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarına edilən 4 noyabr 2021-ci il tarixli yeni dəyişiklik Şəkinin tarixi hissəsində Dünya İrs Konvensiyasının tələblərinə uyğun gələn onlarla abidənin olduğunu təsdiqləyir.
Qeyd edək ki, Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun tarixi hissəsi 2019-cu il 7 iyul tarixində YUNESKO Ümumdünya İrs Siyahısına daxil edilib. Ümumdünya İrs Komitəsi bu qərarı verərkən, Dünya İrs Konvensiyasının II (memarlıq, sənətkarlıq, şəhərsalma və bu kimi digər sahələrdə müxtəlif tarixi dövrlərin ənənələrinin əks etdirilməsi) və V (insanların təbiətdən dayanıqlı istifadəsi) meyarlarına əsaslanıb. Şəkinin tarixi hissəsində həmin meyarlara cavab verən daha çox abidə mövcud olsa da, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan 132 nömrəli qərarına əsasən indiyədək onların yalnız 25-i tarix və mədəniyyət abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdü.
Bu iki meyara tam olaraq cavab verən digər tikililərinin də dövlət mühafizəsinə alınması məqsədilə, Dövlət Turizm Agentliyinin ekspertləri AMEA-nın müvafiq institutları ilə birgə əməkdaşlıq çərçivəsində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarixi tikililəri yenidən qiymətləndiriblər. Nəticədə Şəkinin qədim hissəsində yerləşən daha 58 daşınmaz əmlaka “abidə” statusu verilməklə 1-i ölkə, 57-si yerli əhəmiyyətli olmaqla, dövlət mühafizəsinə götürülməsi təklif olunub.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına əlavə edilən 58 abidə arasında tarixi tikililər, mühəndis-kommunikasiya qurğuları, qədim ənənəvi yaşayış evləri və ictimai binalar var. Bunlar arasında ipək, ipək parçaları və barama ticarəti ilə zənginləşmiş iri tacirlərin, mülkədarların imarətləri, 2-3 mərtəbəli binalar xüsusi yer tutur. XIX-XX əsrlərə aid olan bu binalar memarlıq elementləri, həm də dekorativ xüsusiyyətlərinə görə qonşu bölgələrin memarlıq məktəbi və mədəniyyətini özündə əks etdirir. Bu da YUNESKO Ümumdünya İrs Siyahısının II meyarının tələblərinə uyğun olmaqla Böyük İpək Yolu üzərində yerləşən Şəkinin qonşu bölgələrlə intensiv iqtisadi əlaqələrlə yanaşı, mədəni və incəsənət əlaqələrində olduğunu da sübut edir. Şəki 3 nömrəli ipək fabrikinin binası məhz bu kateqoriyaya aiddir.
Dövlət mühafizəsinə götürülmüş abidələr arasında XIX əsrdə şəhərdə hərbi məqsədlər üçün tikilmiş kazarma, əsgər yataqxanaları, yerli təcridxana (türmə) binası kimi fəaliyyət göstərmiş tikililəri də qeyd etmək olar.
Nazirlər Kabinetinin qərarı ilə dövlət mühafizəsinə götürülmüş abidələr arasında dəyirmanlar və su kəmərləri də var ki, bu tikililər Dünya İrs Konvensiyasının V meyarına (təbiətdən insanların dayanıqlı istifadəsi) uğun gəlir. Məsələn, Şəkidəki Hacıhəsən su kəməri və Taclıq su kəməri saxsı materialdan hazırlanmaqla suyun təbii axma prinsipinə görə təşkil edilib. Dəyirmanlar isə yerli şirniyyatda çox geniş şəkildə istifadə edilən düyü üyüdülməsi və düyü ununun əldə edilməsi üçün Dəyirmanarx üzərində inşa olunub. Dövlət mühafizəsinə götürülmüş digər abidələr içərisində tarixi İmam Əli məscidi və mədrəsə binası da var.
Ümumilikdə Şəkinin YUNESKO Ümumdünya İrs siyahısına daxil edilmiş ərazisində 58 abidənin dövlət mühafizəsinə götürülməsi Şəkinin Ənənəvi Şəhər landşaftının daha səmərəli şəkildə qorunması, Şəkinin YUNESKO Ümumdünya İrs Siyahısında öz layiqli yerini tutması, onun atributlarının mühafizə olunmasına töhfə verəcək.
Siyahı:
- İmam Əli məscidi – XIX əsr – Şəki şəhəri, F.Xoyski küçəsi, 7
- Dadanovların ticarət kontoru (birmərtəbəli bina) – XX əsrin əvvəlləri – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 164
- Dadanovların ticarət kontoru (ikimərtəbəli bina) – XX əsrin əvvəlləri – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 164
- Dadanovların evi 1 (üçmərtəbəli bina – XX əsrin əvvəlləri – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 164
- Dadanovların evi 2 (ikimərtəbəli bina) – XX əsrin əvvəlləri – Şəki şəhəri M.F.Axundzadə prospekti 164
- Dadanovların evi 3 (ikimərtəbəli bina) – XX əsrin əvvəlləri – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 164
- Tacir evi – XIX əsr – Şəki şəhəri, Ə.Cəbrayılov küçəsi, 16
- Tacir hacı Zülqədər Zülfüqarovun mədrəsəsi – XIX əsr – Şəki şəhəri, F.Xoyski küçəsi, 7
- Tacir hacı Zülqədər Zülfüqarovun evi – XIX əsr – Şəki şəhəri, Gənclər küçəsi, 21
- Məmməd Sadıq Əliyevin evi 1 – XIX əsr – Şəki şəhəri, Gənclər küçəsi, 23
- Məmməd Sadıq Əliyevin evi 2 – XX əsrin əvvəlləri – Şəki şəhəri, Gənclər küçəsi, 3
- Məmməd Sadıq Əliyevin ticarət kontoru – XX əsrin əvvəlləri – Şəki şəhəri M.F.Axundzadə prospekti, 183
- Keçmiş əsgər kazarması – XIX əsr – Şəki şəhəri, Qala divarlarının daxilində
- Keçmiş əsgər kazarması – XIX əsr – Şəki şəhəri, Qala divarlarının daxilində
- Keçmiş əsgər camaşırxanası – XIX əsr – Şəki şəhəri, Qala divarlarının daxilində
- Təcridxananın birinci binası – XIX əsr – Şək şəhəri, Qala divarlarının daxilində
- Təcridxananın ikinci binası – XIX əsr – Şəki şəhəri, Qala divarlarının daxilində
- 3 nömrəli İpək Fabrikinin binası – 1928-ci il – Şəki şəhəri, Gənclər küçəsi, 25
- Hüseynbəyovun evi 1 – 1904-cü il – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 4
- İsmayıl Hüseynbəyovun evi 2 – 1907-ci il – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 4
- Məmmədəli bəy Hüseynbəyovun evi – XIX əsr – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 4
- Məmmədəli bəy Hüseynbəyovun evi 2 – XIX əsr – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 4
- Abbasqulu Bayramovun evi – XIX əsr – Şəki şəhəri, F.Xoyski küçəsi, 113
- Su dəyirmanı № 2 – XIX əsr – Şəki şəhəri, S.Kazımov küçəsi (Dəyirmanarx çayının şərqində)
- Su dəyirmanı № 5 – XIX əsr – Şəki şəhəri, S.Kazımov küçəsi (Dəyirmanarx çayının şərqində)
- Keçmiş əsgər yataqxanası – XIX əsr – Şəki şəhəri, Qala divarlarının daxilində
- Keçmiş hərbi-inzibati bina- XIX əsr – Şəki şəhəri, Qala divarlarının daxilində
- Mülkədar Şirin bəyin evi 1 – XIX əsr – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 143
- Mülkədar Şirin bəyin evi 2 – XIX əsr – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 145
- Hacıağa Məhərrəmovun evi (tacir evi) – XIX əsr – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 145
- Bəxtiyar Vahabzadənin evi – XIX əsr – Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi, 73
- Xan sarayının anbarı – XVIII əsr – Şəki şəhəri, Qala divarlarının daxilində
- Keçmiş əsgər kazarması – XIX əsr – Şəki şəhəri, Qala divarlarının daxilində
- Ağaşirinovların evi – XIX əsr – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 132
- Tacir Məmmədov İlham Mikayıl oğlunun Evi – XIX əsr – Şəki şəhəri, M.Əzizbəyov küçəsi,2/3
- Abdulla bəy Əfəndizadənin evi – XIX əsr – Şəki şəhəri, Otaqeşiyi küçəsi, 11
- Hacı İsmayıl Abduləlimovun evi – XIX əsr – Şəki şəhəri, B.Məmmədov küçəsi, 20
- Hacı Musa ağa Hacızadənin evi – XIX əsr – Şəki şəhəri, F.Xoyski küçəsi, 69
- Hacı Rzaqulunun evi – XIX əsr – Şəki şəhəri, H.Əkbərov küçəsi,15
- Tacir hacı Yusifin evi – XIX əsr – Şəki şəhəri, M.Qorki küçəsi,13
- Tacir hacı Zeynalabdinin evi – XIX əsr – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 14
- Tacir Həmid ağanın evi – XIX əsr – Şəki şəhəri, Ş.Axundova küçəsi, 3
- Tacir Həmzənin evi – XIX əsr – Şəki şəhəri, S.İmamzadə küçəsi, 28
- Tacir İsmayıl bəyin evi – XIX əsr – Şəki şəhəri, M.F.Axundzadə prospekti, 108
- Məmmədov Abbasqulu Məmmədmirzə oğlunun evi – XIX əsr – Şəki şəhəri, C.Cabbarlı küçəsi, 2
- Mülayim Qəmzənin evi – XIX əsr – Şəki şəhəri, M.Pişnamazzadə küçəsi, 20 (A)
- Səmədovların evi – XIX əsr – Şəki şəhəri, Ə.Dəmirçizadə küçəsi, 8/10
- Tacir hacı Süleymanın evi – XIX əsr – Şəki şəhəri, F.Xoyski küçəsi, 10
- Tacir İsa Zeynalovun evi – XIX əsr – Şəki şəhəri, Ə.Sadıqov küçəsi, 6
- Ağabəyovların evi – XIX əsr – Şəki şəhəri, Ə.Haqverdiyev küçəsi, 3
- Gülnar Nəsibovanın evi – XIX əsr – Şəki şəhəri, Azadlıq küçəsi, 3
- Hacı Qədir və hacı Məmməd qardaşlarının evi – XIX əsr – Şəki şəhəri,F.Xoyski küçəsi, 3-4
- Abid Məmmədovun evi – XIX əsr – Şəki şəhəri, Ş.Axundova küçəsi,9
- Taclıq su kəmərinin qalıqları – XIX əsr – Şəki şəhəri, Gəncəli məhəlləsinin şərqində
- Hacıhəsən su kəmərinin qalıqları – XIX əsr – Şəki şəhəri, Gəncəli məhəlləsinin cənub- şərqində
- Yaşayış evi – XIX əsr – Şəki şəhəri, Ə.Cəbrayılov küçəsi,9
- Molla Ağamirzəoğlu – Yəhya bəyin evi – XIX əsr – Şəki şəhəri, G.Qədirbəyova küçəsi, 23
- Şirinovların evi – XIX əsr – Şəki şəhəri, T.Xəlilov küçəsi, 7