Ölkə turizmi
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub
21-22 oktyabrda Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə mediatur keçirilib.
Mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.
Mediaturda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naxçıvanın turizm potensialının və tarixi-mədəni irsinin beynəlxalq və regional miqyasda tanıdılmasının iqtisadi və strateji əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə fəaliyyətlərin davam etdirildiyini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov Dövlət Turizm Agentliyi ilə birgə Muxtar Respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Fəaliyyət Planının hazırlandığını bildirib.
O, fəaliyyət planının əsas məqsədinin müxtəlif növ turizm məhsullarının hazırlanması, infrastrukturun inkişaf etdirilməsi ilə NMR-a gələn xarici və yerli turistlərin sayında artıma nail olmaq olduğunu deyib.
Naxçıvanın yay və qış turizm imkanlarının zəngin olduğunu qeyd edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bölgənin eko, təbiət, qastronomik, mədəni, sağlamlıq turizminin inkişafı üçün geniş resurslara malik olduğunu vurğulayıb.
O, Naxçıvanın hədəf bazarlarda turizm destinasiyası kimi təbliğ etməyin və beynəlxalq bazarlarla hava əlaqəsini yaxşılaşdırmağın qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.
Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən mediatur çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.
Səfər zamanı media nümayəndələri Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılıblar.
Mediatur iştirakçıları “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı, “Badamlı” sularının istehsal prosesi ilə yaxından tanış olublar.
Səfər çərçivəsində KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.