DTA tərəfindən yaradıcı sənaye nümayəndələri üçün təlimlər təşkil edilib
Noyabrın 4-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə mədəniyyət və yaradıcı sənaye nümayəndələri üçün Gəncə şəhərində təşkil edilən təlimlər başlayıb.
İki gün davam edəcək təlimin əsas hədəfi sənətkarlıq məhsullarının satışının genişləndirilməsi və qeyri-turizm mövsümlərində onların dəstəklənməsi yolu ilə dayanıqlı fəaliyyətin inkişafına şərait yaratmaqdır.
Yaradıcı sənaye üzvlərinə ümumi təlimlərin keçirilməsində məqsəd turizm ilə bağlı maarifləndirmə işlərinin aparılması, rəqəmsallaşma və ümumi biznes biliklərinin artırılması, rayon və kənd yerlərində yaradıcı sənayenin inkişafına dəstəyin göstərilməsi və sənaye kimi formalaşmasının və bazar iştirakçılarının fəaliyyətinin təşviq edilməsidir.
Şəki, Quba, Şamaxı, Qəbələ, Lənkəran, Göygöl, Ağdaş, Şəmkir rayonlarından, habelə Bakı və Gəncə şəhərlərindən olan ümumilikdə 45 sənətkar üçün təşkil edilən təlimlər turizm anlayışları, brendinq, marketinq və satış imkanlarının genişləndirilməsi mövzularını əhatə edir.
Təlim proqramı sənətkarların öz məhsullarının brendləşdirilməsi, məhsulların rəqəmsal kanallar vasitəsilə təbliği və satışının təşkili, turistlərlə kommunikasiyanın yaxşılaşdırılması və turistik məhsulların təkmilləşdirilməsi, habelə maliyyə idarəetməsi və turistlər üçün nağdsız ödəniş imkanlarının genişləndirilməsi məsələlərini ehtiva edir.