Ölkə turizmi
Milli kulinarların Avropada qalib gələn menyularının təqdimatı keçirilib
Martın 10-da Azərbaycan kulinarlarına “Avropa Qran Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə qələbə gətirən bürünc menyuların təqdimatı keçirilib.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bu qələbə münasibətilə Milli Kulinariya komandasının üzvlərini təbrik edib, onlara gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” finalında uğurlar arzulayıb. Azadə Hüseynova Azərbaycanın qastronomiya ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu bildirirərək Dövlət Turizm Agentliyinin bu sahənin inkişafına daim dəstək göstərməyə hazır olduğunu bildirib.
Həmçinin Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev tərəfindən Azərbaycan Milli Kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Chong Heng Ho, komandanın kapitanı Sərxan Məmmədov, Baş aşpaz Nicat Babayev, Baş qənnadçı Gülnar Rəsulova və gənc qənnadçı Zinyət Axundova, gənc aşpazlar Emil Zeynalzadə, Abdulla Abdullayev və Leyla Vəliyeva fəxri fərmanla təltif olunublar.
“Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal gənc aşpaz”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə Azərbaycan Milli Kulinariya komandasına İtaliyanın Rimini şəhərində keçirilən müsabiqədə qələbə qazandıran menyular milli təamlarımızın dünya standartlarına uyğunlaşdırılması nəticəsində hazırlanıb. Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək dörd bürünc medal qazanıb.
Tədbirdə Azərbaycan Milli Kulinariya Mərkəzinin sədri Orxan Sadıqov tərəfindən qurumun yeni loqosu təqdim edilib. Dörd elementdən ibarət olan yeni loqoda sünbül, xarı bülbül, alov və nar təsvir edilib. Qeyd edilib ki, bu elementlərdən hər biri Azərbaycan mədəni irsi və mətbəximizə aid dəyərləri tərənnüm edərək həyatın daimiliyi, davamlılığı, sonsuzluğu kimi yozulur.
Tədbirin sonunda azərbaycanlı aşpazları Avropada qələbə qazandıran menyunun dequstasiyası keçirilib.