Ölkə turizmi
Naftalanda Turizm İnformasiya Mərkəzinin açılışı olub
Oktyabrın 8-də Dövlət Turizm Agentliyinin təşkilatçılığı və Naftalan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Naftalanın turizm imkanlarının, o cümlədən sağlamlıq-istirahət mərkəzlərinin tanıdılması məqsədilə təşkil olunan mediatur çərçivəsində Naftalan Turizm İnformasiya Mərkəzinin açılışı baş tutub.
Açılışda KİV nümayəndələrinə mərkəzin fəaliyyəti, təqdim olunan xidmətlər və layihələr haqqında məlumat verilib.
Müasir standartlara uyğun dizayn edilən turizm informasiya mərkəzinin əsas fəaliyyəti turistlərin məlumatlandırılması ilə yanaşı, yeni turizm məhsulların yaradılmasına dəstək göstərmək, mövcud xidmətləri inkişaf etdirmək, turizm dəyər zəncirinin iştirakçılarının fəaliyyətini təşviq etmək, yerli sakinlərin kiçik və orta biznesinə dəstək olmaq, regionda turizmin və dövlət-özəl əməkdaşlığının inkişafına töhfə verməkdir.
Bundan əlavə, TİM tərəfindən turistlərə yalnız Naftalan şəhəri deyil, həmçinin Qərb bölgəsi üzrə əyləncəli ekskursiya proqramlarının hazırlanması, istəyə uyğun olaraq hotellərdə yerləşmə, nəqliyyat və bələdçi xidməti ilə bağlı dəstək verilməsi, həmçinin veloturların təşkili xidmətləri göstəriləcək.
Turizm informasiya mərkəzində Azərbaycan, ingilis və rus dillərində turizm xəritələri və tematik turizm məhsullarını əks etdirən broşürlər ziyarətçilərin istifadəsinə verilir, Naftalan nefti haqqında maarifləndirici videoçarxlar nümayiş olunur.
Naftalan Turizm İnformasiya Mərkəzində şəhərin yaxınlığında yerləşən kənd turizm nümunəsi hesab olunan Qaşaltı kəndinə, nar bağlarına, o cümlədən Qərb regionu üzrə Naftalana yaxın Gəncə, Göygöl, Şəmkir, Gədəbəy, Daşkəsən, Mingəçevir kimi şəhər və rayonlara gündəlik və bir neçə günlük turların təşkil edilməsi xidməti də təqdim olunur.
Mərkəzdə, həmçinin yerli sənətkarların əl işləri, Azərbaycanın tarixini və mədəniyyətini əks etdirən suvenirlərin, Naftalan neftindən hazırlanan müalicəvi və sağlamlıq məhsullarının satışı mövcuddur.
Naftalan şəhərində Heydər Əliyev prospektində inşa edilən turizm informasiya mərkəzi hotellər və sanatoriyaların yaxınlığında yerləşir.
Qeyd edək ki, mediatur çərçivəsində, KİV nümayəndələrinə, həmçinin müalicəvi nefti ilə məşhur olan Naftalan şəhərinin turizm potensialı haqqında ətraflı məlumat verilib, eləcə də şəhərdə fəaliyyət göstərən sanatoriya-kurort mərkəzləri, neft vannaları və duz otaqları, turistlər üçün yaradılmış şərait, müalicə prosedurları nümayiş etdirilib. Həmçinin media mənsubları Naftalan tanıtım lövhəsi ilə tanış olub, dünya üzrə unikal hesab olunan “Əsa muzeyi”ni ziyarət ediblər.
Həmçinin 8-9 oktyabrda keçirilən “Naftalan – Sağlamlıq və Turizmin Sinerji Mənbəyi. Regionda Yeni Reallıqlar” adlı beynəlxalq elmi konfransın iştirakçıları tərəfindən Naftalan TİM ərazisində ağaclar əkilib.