Daxili turizm bazarında qiymət artımı müşahidə olunur
Daxili turizm bazarında qiymət artımı müşahidə olunur
Pandemiyanın yaratdığı məhdudiyyətlər daxili turizm bazarında tələbatı kəskin artırıb, bu da bahalaşma ilə müşahidə olunur.
“Skal International” Beynəlxalq Turizm Peşəkarları İttifaqının Bakı klubunun (“Skal Baku”) Prezidenti Ceyhun Aşurov deyib.
Onun sözlərinə görə, qiymət artımı xüsusən qeyri-iş və bayram günlərində daha çox hiss olunur.
“2019-cu ildə 5 milyondan çox Azərbaycan vətəndaşı xaricə üz tutub, həmin ildə 3 milyondan çox xarici vətəndaş Azərbaycana gəlib. Bu, əvvəlki illərə nisbətdə yüksək göstəricidir. Lakin pandemiya şəraitində qapanmalar, xaricə çıxışa qoyulan məhdudiyyətlər yerli vətəndaşları daxili bazara yönəltdi. Bu isə, öz növbəsində, bazarda tələbatı artırdı. Tələbata uyğun olaraq, qiymətlər nisbətən yüksək olur. Bu ərəfədə isə Yeni il bayramı ilə bağlı hotellərdə qiymətlər tələbata görə nisbətən yüksəlib”, – deyə C. Aşurov qeyd edib.