Ölkə turizmi
Cənab sədr Turizm sənaye işcilərini peşə günü münasibətilə təbrik etdi
Hörmətli həmkarlar, əziz turizmçilər,
Bildiyiniz kimi, cənab Prezidentin sərəncamına əsasən bu ildən etibarən artıq 29 sentyabr turizm işçilərinin peşə bayramı günü kimi qeyd olunacaq.
Bu münasibətlə hər birinizi təbrik edirəm.
29 sentyabr ölkəmizin turizmi üçün xüsusi tarixdir. Belə ki, Azərbaycan BMT-nin Ümumdünya Turizm Təşkilatına məhz 2001-ci ilin bu günündə üzv qəbul olunub.
Aydındır ki, son iki il turizm sənayesində ciddi çətinliklərin yaşandığı dövr kimi yadda qaldı. Turizm kimi dinamik bir sahədə çalışan şəxslər üçün bu durğunluq olduqca ağır idi. Buna görə də pandemiya dövründə turizm peşəsinə sadiq qalan turizmçilərin fəaliyyətləri alqışa layiqdir.
Dövlət Turizm Agentliyi olaraq bu dövr ərzində turizm sənayesi ilə birlikdə ölkənin təbliğatı, turizm potensialının tanıdılması istiqamətində fəaliyyətimizi istər onlayn platformalar vasitəsilə, istərsə də beynəlxalq sərgi və tədbirlərdə iştirak edərək davam etdirdik.
Həmçinin ölkənin turizm imkanlarının genişləndirilməsi üçün müxtəlif layihələr həyata keçirildi.
İnfrastruktur layihələri ilə yanaşı turizm sahəsinin hüquqi-institusional tənzimlənməsi istiqamətində mühüm addım atılaraq yeni turizm qanunu qəbul edildi. İnanırıq ki, yeni qanun ölkəmizdə turizmin dayanıqlı inkişafını təmin etmək və beynəlxalq turizm bazarında Azərbaycanın rəqabət qabiliyyətinin artırılması istiqamətində sənaye üçün mayak rolunu oynayacaq.
Eyni zamanda turizmin inkişafı istiqamətində icra olunan bütün işlərdə hər zaman öz dəstəyini və diqqətini əsirgəməyən cənab prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya turizmçilər adından minnətdarlığımı çatdırıram.
Hörmətli dostlar,
Heç şübhəsiz, son 2 il ərzində bizə bütün çətinlikləri unutduran Ali Baş Komandanın rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi oldu. Bu zəfər turizm sənayesi qarşısına yeni hədəflər qoydu.
Qürurla deyə bilərik ki, Dövlət Turizm Agentliyi tərəfindən Vətən müharibəsindən sonra Qarabağın və Şərqi Zəngəzurun turizm potensialının öyrənilməsi, müvafiq olaraq konsepsiya sənədləri və layihələrin hazırlanması, mövcud və yeni turizm və rekreasiya zonalarının yerlərinin dəqiqləşdirilməsi, regionun turizm imkanlarının dəyərləndirilməsi üzrə irimiqyaslı işlər həyata keçirilib və bu istiqamətdə fəaliyyət davam etdirilir.
Baxmayaraq ki, regionumuzda geosiyasi vəziyyət turizmin inkişafı üçün əlverişli deyil, 2022-ci ilin əvvəlindən etibarən turizm sahəsində bərpa prosesi gedir.
Ölkəmizə bu ilin 8 ayı ərzində bir milyondan çox xarici ziyarətçi gəlib, ilin sonuna qədər biz bu rəqəmlərin 1 milyon 400 mini keçəcəyini proqnozlaşdırıq. İnanırıq ki, turizm sahəsi tezliklə əvvəlki inkişaf tempini tam bərpa edə biləcək.
Bu baxımdan, turizm sənayesi nümayəndələrinin ölkəmizin tanıdılması və təbliğatı üzrə fəaliyyətini yüksək qiymətləndirir, hər birinə sərf etdikləri əməyə və verdikləri töhfəyə görə təşəkkürümü bildirirəm.
Bir daha peşəsini sevən və bu peşəyə sadiq qalan bütün turizm işçilərini peşə bayramları münasibətilə təbrik edir, hər birinizə sağlam can, faydalı işgüzar əlaqələr, yeni əməkdaşlıqlar və uğurlar arzulayıram.
Hörmətlə,
Fuad Nağıyev
Dövlət Turizm Agentliyinin sədri