29 sentyabr Turizm işçilərinin peşə günü bayramıdır
“Azərbaycan Respublikasında “Turizm işçiləri günü” peşə bayramının təsis edilməsi haqqında” Sərəncamda dəyişiklik edildikdən sonra turizm işçiləri bu bayramı sentyabrın 29-da qeyd edirlər.
Son illər dövlət səviyyəsində turizmin iqtisadiyyatın aparıcı sahəsinə çevrilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər turizmin inkişafında öz müsbət təsirlərini göstərir. 2015-ci ildə turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsini, 2016-cı ildə “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nin qəbul edilməsini, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsini və “ASAN Viza” sisteminin yaradılmasını turizm sahəsinin inkişafı üçün görülən çoxşaxəli işlər sırasına aid etmək olar.
Prezident İlham Əliyevin 2018-ci il 20 aprel tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam”ına əsasən Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.
Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda mövcud olan mədəni irsin qorunması, oradakı tarixi abidələrin mühafizəsi və qoruqları turistlər üçün cəlbedici məkana çevrilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. 2019-cu ildə cənab Prezidentin tapşırığı ilə “Yanardağ” Dövlət Tarix–Mədəniyyət və Təbiət Qoruğunda əsaslı təmir, rekonstruksiya işləri aparıldı, müasir turizm infrastrukturu quruldu.
Turizm sahəsində bir çox ölkələrlə əməkdaşlıq əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Əməkdaşlığın əsası kimi, müxtəlif dövlətlərlə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi məqsədilə sazişlər, müqavilələr, anlaşma memorandumları bağlanılır.
Bundan əlavə, Ümumdünya Turizm Təşkilatı ilə əməkdaşlıq əlaqələri genişlənməkdədir. Ölkəmiz bu mötəbər təşkilatın beynəlxalq tədbirlərinə artıq bir neçə dəfə evsahibliyi edib. Onu da vurğulamalıyıq ki, 2023–2027-ci illər üçün ÜTT-nin İcraiyyə Şurasına üzv olmaq üçün Azərbaycanın namizədliyini irəli sürülüb.
Qürurla deyə bilərik ki, möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi Dövlət Turizm Agentliyi qarşısında yeni vəzifələr qoyub. Bu vəzifələrdən biri Qarabağın turizm destinasiyası kimi inkişaf etdirilməsidir. Turizm bu istiqamətdə aparıcı sahələrdən biri olacaq.