Bakı Turizm Peşə Məktəbi 10 yaşında
Dekabrın 16-da Dövlət Turizm Agentliyi Bakı Turizm Peşə Məktəbinin 10 illik yubileyi keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlanıb.
Tədbiri giriş sözü ilə açan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev turizm üzrə peşə təhsilinin hər zaman aktual olduğunu qeyd edib. O bildirib ki, son illərdə turizmin inkişafına dövlət səviyyəsində diqqət ayrılması bu sahə üzrə ixtisaslı kadrlara tələbatı artırır. Fuad Nağıyev diqqətə çatdırıb ki, Bakı Turizm Peşə Məktəbi turizm sahəsində peşəkar kadrların hazırlanmasına öz töhfəsini verir. Məktəb fəaliyyət göstərdiyi 10 il ərzində uğurlu inkişaf yolu keçib. Məktəbə olan maraq ilbəil artır. Əgər ilk qəbul ilində məktəbə 62 tələbə qəbul olunmuşdusa, son ildə bu rəqəm 500-ə çatıb. İxtisasların sayı da artırılaraq 9-a çatdırılıb. Agentliyin sədri vurğulayıb ki, Bakı Turizm Peşə Məktəbinin 2021-2025-ci illəri əhatə edən inkişaf strategiyası hazırlanıb. Strategiya məktəbdə təhsil səviyyəsinin yüksəldilməsini, maddi-texniki bazanın yaxşılaşdırılmasını və işəgötürənlərlə əməkdaşlığın gücləndirilməsini əhatə edir.
Bakı Turizm Peşə Məktəbinin direktoru Əməkdar müəllim Neylüfər Kərimova tədbirin keçirilməsində göstərdiyi dəstəyə görə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə və bütün tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, məktəbin fəaliyyəti haqqında qonaqlara məlumat verib. Bildirib ki, məktəbin tələbələri ölkə və beynəlxalq səviyyəli olimpiadalarda, müsabiqələrdə, yarışlarda iştirak edirlər, dəfələrlə qalib olublar. Tələbələr nəzəri dərslərdə öyrəndiklərini praktiki dərslərdə tətbiq edirlər. Onların praktiki dərsləri məktəbin əməkdaşlıq etdiyi hotellərdə, restoranlarda, muzeylərdə, qoruqlarda, turizm sənaye müəssisələrində aparılır. Ötən 10 il ərzində Bakı Turizm Peşə Məktəbi turizm sektoru üçün 3774 kadr hazırlayıb.
Neylüfər Kərimova vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı azad etdi. Vətən müharibəsində Bakı Turizm Peşə Məktəbinin 2 tələbəsi şəhid, 10 tələbəsi isə qazi oldu. Bu gün işğaldan azad olunan torpaqlarımızda quruculuq işləri sürətlə gedir. Torpaqlarımızın düşmən tapdağından azad olunması Azərbaycanın turizm potensialını daha da artırıb. Bu istiqamətdə kadrların hazırlanmasında məktəbimiz də öz töhfəsini verir.
Milli Məclisin deputatlarının, xarici ölkə nümayəndəliklərinin iştirak etdiyi tədbir çərçivəsində Neylüfər Kərimovanın “Uğurlu gələcək peşədən başlanır” kitabının və məktəbə həsr edilən filmin təqdimatı olub.