Azərbaycanın turizm imkanları İspaniyada nümayiş etdirilir
Azərbaycanın turizm imkanları Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə 4 yerli tərəfdaşla birgə İspaniyanın Madrid şəhərində keçirilən “FITUR” turizm sərgisində nümayiş etdirilir.
İspandilli ölkələr üzrə ən böyük turizm tədbirlərindən biri hesab olunan sərgidə İspaniya, Portuqaliya, Latın Amerikasından olan turoperatorlar və səyahət agentlikləri, eləcə də hava yolları və tanıtım şirkətləri ilə B2B (Biznesdən biznesə) formatında görüşlər keçirilir.
Görüşlərdə ispandilli ölkələrin turizm şirkətləri Cənub Qafqaz regionu üzrə birgə turların təşkilində maraqlı olduqlarını bildiriblər.
Yanvarın 22-dək davam edəcək sərgidə milli stend ziyarətçilərinə və beynəlxalq turizm sənayesinin təmsilçilərinə Azərbaycanın turistik məkanları, milli mətbəx nümunələri, şərabçılıq, qolf, sağlamlıq, mədəni, eləcə də dağ və qış turizmi imkanları, dağ-xizək mərkəzləri haqqında geniş məlumat verilir.
Sərgi çərçivəsində Azərbaycanın milli stendi BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili və Azərbaycanın İspaniya Krallığı və Andorra Knyazlığındakı fövqəladə və səlahiyyətli səfiri Ramiz Həsənov tərəfindən ziyarət olunub.
https://www.unwto.org/events/fitur-2023-international-tourism-fair