Ölkə turizmi
ATAA və “Absheron Hotel Grup” əməkdaşlıq əlaqələrini müzakirə ediblər
Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının sədri Göydəniz Qəhrəmanovla “Absheron Hotel Grup”un yeni Baş kommersiya direktoru Luka Ravnikar arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.
Görüşdə tərəfdaşlıq imkanlarının inkişafı, qarşılıqlı iş birliyinin yaradılması, şirkətlərlə korporativ müqavilələrin bağlanması, eləcə də qiymət siyasətinin formalaşdırılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrdə çıxış edən Göydəniz Qəhrəmanov ilk olaraq Assosiasiyanın fəaliyyəti və üzv şirkətlər haqqında məlumat verib. Assosiasiya sədri hazırda turizm bazarında bir sıra hotellərlə turizm şirkətləri arasında əməkdaşlıq əlaqələrinin istənilən səviyyədə qurulmamasına toxunaraq üzv şirkətlərlə bir sıra hotellər arasında korporativ müqavilələrin ləğv edilməsi və ya yenilənməməsi səbəbindən ödəniş prosesində çətinliklərin yaşandığını qeyd edib.
Qurum rəhbəri həmçinin bəzi hotellərin şirkətlərə dinamik və sərbəst qiymətlər verilməməsi səbəbindən turpaketlər formalaşdırılmasının və daha uzun müddətə qiymətlərin təyin edilməsinin mümkünsüz olduğunu bildirib. Göydəniz Qəhrəmanov bütün bu halların beynəlxalq sərgilərdə şirkətlərin əcnəbi tərəfdaşlarına turpaketlər təqdim edə bilməməsinə gətirib çıxardığını deyib.
Assosiasiya sədri həmçinin şirkətlərin əməkdaşlıq etdiyi bəzi hotellərdə cərimə hədlərinin çox sərt olmasına və bunun da ümumi işin gedişatına mənfi təsir etdiyini qeyd edib.
“Absheron Hotel Grup”un Baş kommersiya direktoru Luka Ravnikar rəhbərlik etdiyi hotel qrupunun ATAA-ya üzv şirkətlərlə yaşanan müəyyən çətinliklərin aradan qaldırılması istiqamətində birgə çalışmağa və qarşılıqlı əməkdaşlığın qurulmasına hazır olduğunu qeyd edib. Luka Ravnikar turizmin inkişafında istər hotellərin, istərsə də turizm şirkətlərinin əhəmiyyətli rol oynadığını və tərəflər arasında birgə iş birliyinin formalaşdırılmasının gələcəkdə müsbət irəliləyişə səbəb ola biləcəyini bildirib.