Ölkə turizmi
ATAA Böyük Britaniyanın turizm təşkilatları ilə əməkdaşlıq imkanlarını müzakirə edib
Böyük Britaniyanın turizm təşkilatları ilə əməkdaşlıq əlaqələrinin qurulması və birgə iş birliyinin formalaşdırılması məsələləri Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanovla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld OBE arasında keçirilən işgüzar görüşdə müzakirə olunub.
Görüşdə Göydəniz Qəhrəmanov səfir Fergus Auld OBE-yə Assosiasiyanın fəaliyyəti, ölkə turizminin inkişafındakı rolu və üzvlərinin sayı haqqında məlumat verib.
Müzakirələr zamanı iki ölkənin turizm təşkilatları, o cümlədən turizm agentlikləri və turoperatorları arasında qarşılıqlı kommunikasiya və tərəfdaşlıq əlaqələrinin yaradılması, turizm məhsullarının təşviqi, turist cəlbediciliyinin artırılması məqsədi ilə turistik səfərlərin sayının artırılması, eləcə də turizm şirkətləri ilə B2B formatlı görüşlərin keçirilməsi, turizm sahəsində təcrübə mübadiləsinin aparılması və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycanın turistik imkanlarının geniş və rəngarəng olduğunu və bölgələrə səfər etməyi sevdiyini deyən Fergus Auld OBE ölkəsinin turizm sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsinə maraq göstərdiyini və bu sahədə dəstək olmağa hazır olduğunu bildirib.