Ölkə turizmi

DTA-nın tabeliyində olan təhsil müəssələrindəki auditoriyalara şəhid məzunların adları verilib

Noyabrın 6-da Azərbaycan Turizm və Menecment Universitetində 8 Noyabr – Zəfər Günü ilə əlaqədar keçirilən tədbirdə universitetin şəhidlik zirvəsinə ucalmış məzun tələbəsi Məhəmmədəli Həsənzadənin valideynlərinə onun fəxri diplomu təqdim olunub.
Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Məhəmmədəli Həsənzadənin Ali baş komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsi dövründə Füzuli, Ağdam, Cəbrayıl və Xocavənd ərazilərində gedən döyüşlərdə qəhrəmancasına iştirak etdiyini qeyd edib.

Fuad Nağıyev onun “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, Xocavəndin, Cəbrayılın, Füzulinin azad olunmasına görə medallara layiq görüldüyünü, təəssüf ki, Xocavəndin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olduğunu bildirib.
Agentlik sədri şəhid Məhəmmədəli Həsənzadənin valideynlərinə onun “Fəxri Diplom”unu təqdim edib. O qeyd edib ki, əziz xatirəsini əbədiləşdirmək üçün universitetin bir auditoriyasına Məhəmmədəlinin adı verilib.

Mingəçevir Turizm Kollecinin 9 tələbəsinin, Bakı Turizm Peşə Məktəbinin 2 tələbəsinin şəhidlik zirvəsinə ucaldığını bildirən Fuad Nağıyev onların da adına təhsil aldıqları müəssisələrdə auditoriyaların açılmasını diqqətə çatdırıb.

Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov bildirib ki, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə universitetin tələbə və məzunları iştirak edərək şücaət göstəriblər. O, universitetin ümumilikdə 100 nəfərdən çox tələbə və məzununun Vətən müharibəsində iştirak etdiyini və onlardan 70 nəfərə yaxının müxtəlif medallara layiq görüldüklərini diqqətə çatdırıb.
Daha sonra Məhəmmədəli Həsənzadənin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə təşəkkürlərini çatdırıblar.
Tədbirdə şəhid Məhəmmədəli Həsənzadə, eləcə də ATMU qaziləri haqqında ətraflı informasiyanın əks olunduğu məlumat lövhəsi təqdim olunub.
Həmçinin tədbir çərçivəsində 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində göstərdikləri qəhrəmanlığa görə ATMU-nun tələbə və məzunları təşəkkürnamələrlə təltif olunublar.
shehid ailesi

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button