“Turizm haqqında” qanun , Milli Məclisdə təsdiqlənib
Milli Məclisin dekabrın 27-də keçirilən plenar iclasında “Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, 5 fəsil, 22 maddədən ibarət qanun layihəsinin qəbulunda məqsəd bütövlükdə ölkədə turizmin dayanıqlı inkişafını təmin etmək, beynəlxalq turizm bazarında Azərbaycanın etibarlı və cəlbedici imicini formalaşdırmaq və rəqabət qabiliyyətini artırmaqdır.
Bu Qanun Azərbaycanda turizmin dayanıqlı inkişafını təmin etmək məqsədilə turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir.
Layihəyə əsasən, turizmin forma və növləri, bu sahədə qanunvericiliyin çərçivəsi öz əksini tapıb, turizm sahəsində dövlət siyasətinin əsas istiqamətlərinə, vəzifələrinə aydınlıq gətirilib. Layihədə turizmin xidmət keyfiyyətinin yüksəldilməsi, turizm iştirakçıları, onların etik davranış qaydaları, reyestrdə qeydiyyatı, hüquq və vəzifələri, təhlükəsizliyi, turizm vizalarının verilməsi kimi mütərəqqi yeniliklər təsbit edilib, turizm sahəsinin maliyyə mənbələri açıqlanıb.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.