Azərbaycan Turizm Bürosu Rusiyanın “Aeroexpress” şirkəti ilə əməkdaşlığa başlayıb.
Əməkdaşlıq çərçivəsində “Aeroexpress” qatarları üzərində və vaqonların daxilində, eləcə də kassa bölməsində sərnişinləri ölkəmizi kəşf etməyə çağıran turizm brendi vizualları, eləcə də həştəqlər yerləşdirilib.
Bundan əlavə, Domodedevo və Şeremetyevo beynəlxalq hava limanlarında yerləşən dəmiryolu vağzallarında Azərbaycanın zəngin turizm təkliflərini əks etdirən video təqdimat nümayiş etdirilir. Əməkdaşlığın 5 ay müddətində davam etdirilməsi planlaşdırılıb.
Yeni başladılan əməkdaşlıq haqqında danışan Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid vurğulayıb ki, Rusiyanın ən işlək hava limanları ilə paytaxt mərkəzi arasında hərəkət edən “Aeroexpress” sərnişinlərini hədəf götürən kampaniya Azərbaycana turizm axınını artırmağa xidmət edir.
Qeyd edək ki, Rusiyanın 2005-ci ildə əsası qoyulan “Aeroexpress” şirkəti Moskva şəhəri ilə Domodedevo, Şeremetyevo və Vnukovo hava limanları arasında sərnişindaşıma xidmətini həyata keçirir.
2019-cu ildə “Aeroexpress” şirkətinin sərnişin sayı 12,2 milyon nəfər təşkil edib..