Dünya turizmi

Türkiyə GSTC 2023 Qlobal Dayanıqlı Turizm Konfransına ev sahibliyi edəcək

Türkiyə bu il ilk dəfə olaraq GSTC Dayanıqlı Turizm Konfransına ev sahibliyi etməyə hazırlaşır. Konfrans 9-12 May 2023-cü il tarixlərində ölkənin turizm paytaxtı Antalyada baş tutacaq.

 

Dayanıqlı səyahət və turizm üçün qlobal standartları müəyyən edən və bu standartların tətbiqini idarə edən Qlobal Dayanıqlı Turizm Şurası (GSTC) hər il müxtəlif ölkələrdə baş tutan Dayanıqlı Turizm Konfransını bu il Türkiyədə təşkil edəcək. GSTC-nin imza tədbiri olan, illik qlobal konfrans, 9-12 may 2023-cü il tarixləri arasında Aralıq dənizinin turizm cənnəti olan Antalyada dayanıqlı səyahət və turizmin inkişafı və təşviqi ilə məşğul olan tərəfləri bir araya gətirəcək.

 

Dünyanın ən yaxşı ətraf mühit və dayanıqlılıq təşkilatı olan Qlobal Dayanıqlı Turizm Şurası, GSTC Meyarları kimi tanınan səyahət və turizmdə dayanıqlılığı təmin etmək üçün yaradılmış qlobal standartları tənzimləyir, yeniləyir və idarə edir. Müstəqil qeyri-kommersiya təşkilatının hədəfi bu meyarlarla dayanıqlı turizm haqqında ortaq bir anlayış yaratmaqdır.

 

GSTC həmçinin dayanıqlı turizmdə kritik aktual məsələləri müzakirə etmək üçün qlobal liderlərlə konfranslar təşkil edir. Təşkilatın hər il fərqli bir şəhərdə təşkil etdiyi Dayanıqlı Turizm Konfransı, fikir mübadiləsi aparmaq və dayanıqlı turizm üçün müəyyən edilmiş standartların tətbiqini genişləndirmək məqsədi ilə turizm sahəsindəki maraqlı tərəfləri bir araya gətirir.

 

Pandemiya səbəbindən iki il ardıcıl olaraq onlayn formatda keçirilən konfranslar  keçən il İspaniyanın Sevilya şəhərində baş tutub. Türkiyənin də qatıldığı 2022 GSTC Dayanıqlı Turizm Konfransında, Türkiyə Turizm Təbliğat və İnkişaf Agentliyinin (TGA)  apardığı namizədlik prosesinin nəticəsində 2023-cü il buraxılışının Antalyada keçiriləcəyi açıqlanıb. Konfransda iştirakçılar üçün xüsusi hazırlanmış videoçarxla Antalya qonaqpərvərliyi nümayiş etdirilib və Türkiyənin Milli Dayanıqlı Turizm Proqramı ilə bağlı panel təşkil olunub.

 

Türkiyə dayanıqlı turizm sahəsində dünyaya nümunədir.

2022-ci ilin əvvəlində GSTC ilə imzalanan əməkdaşlıq müqaviləsi Türkiyədə dayanıqlı turizmdə izləniləcək yol xəritəsini müəyyənləşdirdi və qlobal dayanıqlılıq təcrübələrini sürətləndirdi. Bu üç illik protokolla dayanıqlı turizm mövzusunda hökumətlə razılaşan ilk ölkə olan Türkiyənin turizm sənayesini yenidən qurmaq üçün Milli Dayanıqlı Turizm Proqramı yaradıldı.

 

İstiqamətləri, tur operatorları və xüsusilə də yerləşdirmə obyektlərini əhatə edən proqram Türkiyənin turizm sənayesində dayanıqlı transformasiyanı hədəfləyir. Mərhələlərlə həyata keçirilən proqramın birinci mərhələsi bu il başa çatacaq; ikinci mərhələ 2025-ci ildə, üçüncü mərhələ isə bütün beynəlxalq standartlara cavab verməklə 2030-cu ildə tamamlanacaqdır.

 

GSTC 2023 Qlobal Dayanıqlı Turizm Konfransı Antalyada 350-dən çox yerli və xarici iştirakçını, o cümlədən dövlət sektoru, otellər, turoperatorlar, şirkətlər, akademik dairələr, inkişaf agentlikləri, onlayn səyahət agentlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini qəbul edəcək. Dörd günlük konfrans proqramına təlimlər, interaktiv panellər və seminarlar, görüşlər və sosial tədbirlər daxildir. İştirakçılar Türkiyənin turizm cənnəti olan Antalyanı kəşf etmək şansından həzz alaraq dayanıqlı turizmin inkişafı və təşviqi sahəsində mütəxəssislərin praktiki təcrübəsindən yararlanmaq imkanı əldə edəcəklər.

 

Türkiyənin cənubunda, Aralıq dənizi və Türk Rivierasının mərkəzində yerləşən Antalya təbii gözəlliyi, dənizi, tarixi teksturası və mədəni quruluşu ilə “turizm paytaxtı” olaraq xarakterizə edilir. Şəhər hər il minlərlə turisti qəbul edir və “dəniz-qum-günəş” triologiyasından əlavə, macəra, mədəniyyət-sənət və əyləncə variantları ilə seçilir.

 

GSTC haqqında

Qlobal Dayanıqlı Turizm Şurası® (GSTC®) GSTC Meyarları kimi tanınan qlobal dayanıqlılıq standartlarını müəyyənləşdirir və idarə edir. Bu meyarların iki kateqoriyası var:
1. Dövlət ictimai-siyasi xadimləri və destinasiya menecerləri üçün Destinasiya Meyarları
2. Otellər və Turoperatorlar üçün Sənaye Meyarları
Dünyanın təbii və mədəni sərvətlərini qorumaq və saxlamaq istənilən turizm biznesinin və ya destinasiyasının nail olmaq üçün can atmalı olduğu əsas prinsiplər və minimum tələblərdir. Belə ki, turizmin təmin edilməsi öz potensialını, mühafizə və yoxsulluğun azaldılması vasitəsi kimi nümayiş etdirir.

GSTC Meyarları, GSTC-nin otellər/qonaqlama yerləri, tur operatorlar və destinasiyaların dayanıqlı siyasət və təcrübələrə malik olduğunu təsdiq edən Sertifikatlaşdırma Orqanları üçün təminat rolunun əsasını təşkil edir. GSTC birbaşa heç bir məhsulu və ya xidməti sertifikatlaşdırmır, sertifikasiya icazəsi olan orqanlara akkreditasiya verir. GSTC ABŞ-da qeydiyyatdan keçmiş müstəqil və tərəfsiz  501(c)3 qeyri-kommersiya təşkilatıdır. Bu təşkilat milli və əyalət hökumətləri, aparıcı turizm şirkətləri, otellər, turoperatorlar, QHT-lər, fərdlər və icmalar daxil olmaqla dayanıqlı turizmdə ən yaxşı təcrübələrə nail olmağa çalışan fərqli və qlobal üzvlükləri təmsil edir

GSTC haqqında daha ətraflı məlumatı təşkilatın web saytından əldə edə bilərsiniz :  www.gstcouncil.org

yazdı : Aynur Əlləzova

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button