Ölkə turizmi
Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupunun iclası təşkil olunub.

Fevralın 27-də Dövlət Turizm Agentliyinin inzibati binasında Sağlamlıq turizminin inkişafı üzrə işçi qrupunun iclası təşkil olunub.
İclasda İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-kimya Prosesləri İnstitutu, Naftalan Şəhər İcra Hakimiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyi, Sağlamlıq Turizmi Assosiasiyası və Dövlət Neft Şirkətinin nümayəndələri, eləcə də tibbi və rifah turizmi sahəsində təcrübəli mütəxəssislər iştirak ediblər.
İşçi qrup tərəfindən “2026-2029-cu illər üçün Naftalan neftinin və ondan hazırlanan preparatların müalicəvi təsirinin beynəlxalq miqyasda tanıdılmasını təmin etmək məqsədilə yeni tibbi araşdırmalar aparılmasına və sözügedən məhsullardan tibbi məqsədlər üçün daha geniş istifadə olunmasına dair Tədbirlər Proqramı”nın həyata keçirilməsi üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 dekabr tarixli 796s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına müvafiq olaraq 2026-cı il ərzində görüləcək işlərin prioritetləşdirilməsi müzakirə edilib.
Eyni zamanda növbəti Sağlamlıq Turizmi Konfransının gündəliyinə daxil ediləcək əsas mövzular müzakirə olunub, elmi-tədqiqat nəticələrinin təqdimatı, Naftalan neftinin beynəlxalq elmi platformalarda təşviqi və sektorlararası əməkdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
İclas çərçivəsində sərəncamdan irəli gələn tapşırıqların icrasının təmin edilməsi, ilboyu sağlamlıq turizmi istiqamətində görülən işlər üzrə hesabatlılıq mexanizmlərinin formalaşdırılması və növbəti iclasın cari il ərzində keçirilməsi məsələləri də müzakirə olunub.
Dövlət Turizm Agentliyi tərəfindən koordinasiyanın əhəmiyyəti vurğulanıb, qarşılıqlı əməkdaşlıq və təşəbbüskarlıq çərçivəsində işlərin sistemli şəkildə davam etdirilməsinin vacibliyi qeyd edilib.



