Meta axtarış mühərriki funksiyasını daşıyan, aviabiletlərin alınması, hotel və avtomobil icarəsini müqayisəli formada əlçatan edən “Skyscanner” platformasının 2024-cü il üzrə yayımladığı səyahət trendləri hesabatında hindistanlı turistlərin səyahət davranışı və tərcihləri haqqında məlumat və tendensiyalar əksini tapıb.
Platformanın hesabatına əsasən, Bakı şəhəri hindistanlı turistlər arasında populyar istiqamətlərdən biridir və çox axtarılan istiqamətlər siyahısında üçüncü yerdə qərarlaşır. Belə ki, platformada Bakı şəhəri üzrə axtarış marağı 438% artıb. Birinci və ikinci sırada isə müvafiq olaraq Vyetnamın Da Nanq, Qazaxıstanın Almatı şəhəri yer alır.
Hesabatda bildirilir ki, Hindistandan Bakıya aviareyslərin qiymətlərində də 22% ucuzlaşma qeydə alınıb və bu, Bakını hindistanlı turistlər üçün əlçatan istiqamətlərdən birinə çevirir.
Həmçinin hesabata görə, hindistanlı səyahətçilərin 86%-i bu il 2023-cü illə müqayisədə eyni sayda və ya daha çox xaricə səyahət etməyi, 63%-i səyahətə ötən ildən daha çox büdcə ayırmağı planlaşdırır. Onların 43%-i destinasiyanın cəlbediciliyini və atmosferini mühüm amil kimi qiymətləndirirlər. Səyahət zamanı ediləcək ən məşhur fəaliyyətlərə gəldikdə isə alış-veriş (49%), tarixi turlar (45%) və yerli yeməklərin dadına baxmaq (38%) prioritetdir.
Qeyd edək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana səfər edən Hindistan vətəndaşlarının sayı 139 109 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 151% artımdır.
Hesabatın linki: https://content.skyscnr.com/m/1d71e9a41ced7bf0/original/India-Travel-Trends-2024-Report.pdf