Maraqlı

Səyahətçilərin sevdikləri 10 qeyri-adi ada

Adalar müxtəlif səbəblərdən insanlar üçün cəlbedicidir. Onların bəziləri bəyaz qumsallı çimərlikləri ilə cəlb edir, digərləri palmalarla örtülmüş, təmiz və isti sularla yuyulan tropik landşaftı ilə diqqətəlayiqdir. Amma elə adalar da var ki, bəzən sadəcə uydurma olan fantastik əhvalatları sayəsində xüsusi şöhrət qazanıb.

Bir qisim ada da var ki, yüksəklikdən görüncəyə qədər onlara heç kəs əhəmiyyət verməyib. Yalnız kosmik səyahətlər, peyklər və pilotsuz uçuş aparatları dövründə insanlar aydınlaşdırdılar ki, Yer kürəsində inanılmaz sayda əcaib formalı adacıqlar var. Məsələn, ürək formasında ada mövcuddur. Bəzi adalar yalnız düzbucaq altında baxış və azacıq təxəyyül tələb edir ki, müəyyən obrazlarla oxşarlıq aydın görünsün.

“Gismeteo.ru”ya istinadla qəribə formalı 10 adanı təqdim edir.

1. Malayziyanın Sabah ştatının paytaxtı Kota-Kinabalu sahillərində Manukan, Mamutik və Suluq adlı üç ada yerləşir. Bu adaların üçü də yuxarıdan təbəssümlü sifəti – smayliki xatırladır. Təbəssüm peykdən və Kota-Kinabalu beynəlxalq aeroportundan havaya qalxan və ora gələn təyyarələrin bortundan aydın görünür.

2. Qalapaqos adaları arasında İzabella adası yetərincə böyükdür. Bu da dəniz atı fiqurunu aydın görməyə imkan verir.

3. Xorvatiya ərazisi olan Bricuni Adriatik dənizinin İstriya yarımadası sahillərində 14 adadan ibarət silsilədir. Sualtı arxeoloji obyektləri və canlılar aləminin zənginliyi sayəsində bu yerlər dayverlərin sevimli məkanına çevrilib. Bu adalardan biri – Qaz adlı ən kiçiyi balığa bənzəyir və ya kreker formasını xatırladır.

4. Havay adalarında Molokini adlı qayalıq ada ayparaya bənzəyir. Onun landşaftı qismən suyun içinə gedən vulkanik kraterdən ibarətdir. “Aypara” suyun üzərində təqribən 50 metr yüksəlir. Bu məkan “Instagram”çıların sevimli məkanı olmaqla bərabər, rifləri müdafiə edir və dayvinqə unikal imkanlar yaradır.

5. İtaliyada, məşhur Amalfi şəhəri sahillərində Qallo Lunqo, Rotonda və Kastelluçça adlı üç adacıq Li Qalli arxipelaqına daxildir. Bu adacıqlar mifik sirenaların şərəfinə adlandırılmış sirenuslar kimi də məşhurdur. Adalardan ən uzunu Qallo Lunqodur. Bəzən onu aypara kimi təsvir edirlər, lakin müəyyən bucaq altında baxıldıqda delfinə bənzəyir.

6. Tailanddakı Cücə-adanın bu siyahıda ayrıca yeri var. Onun unikal forması yuxarıdan deyil, su səviyyəsində yaxşı görünür. Mərcan rifləri, isti su və təmiz çimərliklər bura çoxsaylı turistlər cəlb edir.

7. Palma Cümeyra adası Dubayda süni adalar yaradılması layihəsində birinci adadır. Ada yuxarıdan həqiqətən də palmaya bənzəyir. Adanın “gövdə”sində ticarət mərkəzləri və əyləncə məkanları, budaqlarında isə villalar yerləşir.

8. Ficidə ürək formasını xatırladan Tavarua adası yerləşir. Doğrudur, burada sevgililərə nadir hallarda rast gələrsən. Bura daha çox sörferlərin sevimli məkanıdır. Şahə qalxan dalğalar bu yerləri sörfinq məşğələləri üçün ən cəlbedici məkanlardan birinə çevirir. Burada müntəzəm olaraq yarışlar və çempionatlar keçirilir.

9. Sent-Kits və Nevis adalarına yuxarıdan baxıldıqda, onları bir neçə əşyaya bənzətmək olar. Bir tərəfdən, onların forması balinanı xatırladır. Lakin bu iki adaya məcmu şəklində baxılsa, Nevisin dəyirmi forması kürəyə və beysbol bitinə oxşayır. Daha doğrusu, kriket bitinə və kriket oyunu üçün topa oxşayır, çünki bu oyun həmin adalarda ən sevimli oyundur.

10. Filippində Tısbağa adaları Panqasinan əyalətində əhəngdaşlı torpaqlardan ibarət çox iri arxipelaqın tərkib hissəsidir. Burada bəzən timsahı, bəzən göbələyi, bəzən də çətiri xatırladan çoxsaylı adalar yerləşir. Bu adaya düzbucaq altında baxılanda, suyun səthində üzən dəniz tısbağasının obrazı aydın görünür.

Etiketlər
Daha çox göstər

Əlaqəli məqalələr

Back to top button
Close
Close