TMDünya turizmiElanlar və tədbirlər

Azərbaycanın turizm imkanları “WTM London 2023” sərgisində nümayiş etdirilir

Azərbaycanın turizm potensialının nümayiş etdirilməsi məqsədilə Azərbaycan Turizm Bürosu yerli turizm tərəfdaşları ilə birgə Böyük Britaniyanın paytaxtı London şəhərində keçirilən Dünya Səyahət Bazarı (WTM London 2023) beynəlxalq sərgisində təmsil olunur.

150 m2 sahəni əhatə edən milli stenddə ölkəmizi “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi, “Ritz Carlton Baku” hoteli ilə birlikdə ümumilikdə 12 yerli turizm sənayesi tərəfdaşı təmsil edir.
Sərgi çərçivəsində ziyarətçilərə Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, dağ-xizək mərkəzləri, şərabçılıq, sağlamlıq, ekoturizm, qış turizmi imkanları barədə ətraflı məlumat verilir.
Milli stenddə ziyarətçilər üçün müxtəlif interaktiv təcrübələrlə Azərbaycanın turizm imkanları ilə tanışlıq üçün şərait yaradılır. Belə ki, stendə yaxınlaşaraq Azərbaycan şərablarının və milli şirniyyatlarının dadına baxmaq, həmçinin VR (virtual reallıq) eynəyi vasitəsilə ölkəmizin ecazkar mənzərələrini izləmək mümkündür.

Milli stendimizi Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri Elin Süleymanov da ziyarət edib, sərginin gedişatı ilə tanış olub.
Dünya Səyahət Bazarı (WTM) sərgisi 1980-ci ildən etibarən hər il keçirilir və dünyanın hər yerindən turizm idarəetmə qurumlarını və turizm sənayesi nümayəndələrini bir araya gətirir.
Noyabrın 8-dək davam edəcək sərgidə 182 ölkədən 5 min sərgiçinin və turizm sənayesinin 51 mindən çox nümayəndəsinin qatılacağı planlaşdırılır.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən əcnəbilərin sayı 1 724 218 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 30 % artım deməkdir.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button