Elanlar və tədbirlərÖlkə turizmiTM

Dövlət Turizm Agentliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə məlumatı

“Böyük Qayıdış” siyasətinin davamı olaraq Azərbaycan vətəndaşlarının  və xarici turistlərin işğaldan azad edilmiş ərazilərə səfərləri asanlaşdırılır.

Əgər indiyədək vətəndaşlar yalnız müəyyən istiqamətlərdə təşkil edilmiş avtobus reysləri və qrup şəklində turist səfərləri  ilə işğaldan azad edilmiş ərazilərə səfər edirdilərsə, 27 dekabr 2023-cü il tarixindən etibarən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobilləri ilə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 25 dekabrdan başlayaraq “Yolumuz Qarabağa” portalı (www.yolumuzqarabaga.az) üzərindən  əldə edə bilərlər. Şuşa şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” ilə, Suqovuşan qəsəbəsinə isə Tərtər və Goranboy (Tapqaraqoyunlu kəndi) rayonlarından keçməklə mümkün olacaqdır.

Şuşa və Suqovuşan istiqamətində səfər üçün vətəndaşlara icazələrin verilməsi zamanı bir sıra tənzimləmələr tətbiq ediləcəkdir. Bu barədə ətraflı məlumatı “Yolumuz Qarabağa” portalı üzərindən əldə etmək mümkündür.

Səfəri sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan fərdi minik avtomobilləri ilə etmək mümkündür. Fərdi minik avtomobilləri dedikdə Azərbaycan Respublikası avtomobil dövlət qeydiyyat nişanına malik,  B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur. Bir minik avtomobilində sürücü də daxil olmaqla maksimum 9 nəfərin səfəri üçün icazə alına bilər. İcazələrin etibarlılıq müddəti Şuşa şəhəri üçün iki gün, Suqovuşan qəsəbəsi üçün isə bir gün olacaqdır. Səfərlərin nizamlı təşkili və sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin dövrdə gün ərzində Şuşaya 80, Suqovuşana isə 60 minik avtomobilinin səfər etməsinə icazə verilməsi nəzərdə tutulur.

Fərdi minik avtomobillərini idarə edən şəxslər  “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlar ilə tanış olmalı, həmçinin bu barədə özü ilə səfər edən şəxsləri məlumatlandırmalı,mina təhlükəsizliyinə əməl etmək üçün işğaldan azad edilmiş ərazilərə daxil olduqdan və müvafiq yoxlanışdan keçdikdən sonra marşrut trayektoriyasından kənara çıxmamalı, yol ayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca dayanmadan son məntəqəyə qədər nəqliyyat vasitəsini idarə etməlidirlər. Vətəndaşlar səfərdən öncə portalda yerləşdirilmiş mehmanxanalarla əlaqə saxlayıb otaq sifarişlərini həyata keçirə bilərlər.

Bildiririk ki, Bakı-Şuşa istiqamətinə qrup şəklində turist turları, eləcə də “Yolumuz Qarabağa” portalı üzərindən təşkil edilən avtobus reysləri  əvvəlki qaydada davam etdiriləcəkdir. Turist turlarında bundan sonra xarici vətəndaşların da iştirakına şərait yaradılır və turlarda iştirak üçün yerli və xarici turistlər istənilən turizm şirkətinə müraciət edə bilərlər. Suqovuşan istiqamətinə qrup səfərləri Dövlət Turizm Reyestrində (data.tourism.gov.az) turoperator və turoperator-turagent kimi təsnif edilmiş turizm şirkətləri tərəfindən təşkil ediləcəkdir.

Əlaqədar Xəbərlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button