Elanlar və tədbirlər
ATMU tələbələri istehsalat təcrübəsinə başlayıblar

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Sosial iş, Qida mühəndisliyi, Beynəlxalq münasibətlər, Turizm bələdçiliyi, Muzey, arxiv işi və abidələrin qorunması, Tərcümə ixtisasları, AATP (Azərbaycan-Avstriya Turizm Proqramı) üzrə təhsil alan IV kurs bakalavr tələbələri 2025-2026-cı tədris ilinin yaz semestrində 14 həftəlik istehsalat təcrübəsinə başlayıblar.
Yaz semestri həmin ixtisaslar üçün təcrübə semestri kimi nəzərdə tutulub. Ümumilikdə 205 tələbə ixtisaslarına uyğun olaraq AR Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, ASAN xidmət mərkəzləri, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, AR Qida Təhlükəsizliyi Agentliyi, Veysəloğlu MMC, Avrora Sənaye Parkı, Milla MMC, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Atəşgah Məbədi, Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası, AR Gənclər və İdman Nazirliyi, Milli QHT Forumu, AR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, AR Mədəniyyət Nazirliyi tabeliyində fəaliyyət göstərən 12-dən çox muzey, AR Milli Arxiv İdarəsi, Diasporlarla İş üzrə Dövlət Komitəsi, Qərbi Azərbaycan İcması eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Şəms Tərcümə Mərkəzi, Avrasiya Tərcümə Mərkəzi, JW Mariott Absheron Baku, Ritz Carlton Hotel Baku kimi qurum və təşkilatlara yönləndiriliblər.
İstehsalat təcrübəsi müddətində tələbələr qazandıqları nəzəri bilikləri praktik fəaliyyətlə möhkəmləndirəcək, peşəkar bacarıqlarını inkişaf etdirəcək və real iş mühitində dəyərli təcrübə əldə edəcəklər. Bununla yanaşı, istehsalat təcrübəsinə başlamazdan əvvəl tələbələrlə müvafiq ixtisaslar üzrə təyin olunan təcrübə rəhbərləri və Universitetin Karyera və məzunlarla iş şöbəsinin əməkdaşlarının iştirakı ilə birgə görüş keçirilib. Görüş zamanı istehsalat təcrübəsinin məqsədi, təşkili qaydaları, hesabatlılıq tələbləri, davamiyyət və etik davranış prinsipləri barədə ətraflı məlumat verilib, tələbələri maraqlandıran suallar cavablandırılıb.
Turizm işinin təşkili, Menecment, Marketinq, Maliyyə, Dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə təhsil alan tələbələrin istehsalat təcrübəsinə isə may-iyun aylarından etibarən başlanılması nəzərdə tutulub.





